Səhər duaları (#4811)

Ey mənim Allahım və mənim Mövlam! Mən Sənin bəndənəm və bəndənin oğluyam. Mən bu sübh çağı yatağımdan qalxmışam, o zaman ki, Sənin təklik şəfəqin Sənin iradənin günəşindən parladı və Sənin Hökm Kitablarında əmr etdiyin kimi, Öz işığını bütün dünyaya saldı.

Təriflər olsun Sənə, Ey mənim Allahım, biz Sənin irfan nurunun parıltısına oyanmışıq. İndi bizə, İlahi, onu nazil eylə ki, bizi Səndən başqa heç kəsə möhtac qoymasın, Səndən savayı bütün şeylərə bağlılıqdan azad etsin. Sonra mənə, mənim əzizlərimə, istər kişi, istərsə qadın, qohumlarıma bu dünyanın və o dünyanın xeyir-bərəkətlərini yaz. Sonra da, Öz böyük himayənlə bizi insanların sinələrinə vəsvəsə salan şeytan təhrikçidən qoru, Sən ey bütün varlığın Məhbubu və kainatın Məqsudu. Sən istədyini etməyə Qadirsən. Sən, həqiqətən, Qüdrətli, Əzəmətli və Qəyyumsan.

Mübarək eylə, Ey Rəbbim, mənim Allahım, O Kəsi ki, Ona ən uca və ali adlarını verdin, O Kəs ki, Onun vasitəsilə mömini günahkardan ayırdın. Sənin bəyəndiyin və razı qaldıqlarını etməkdə bizə lütfünlə kömək eylə. Bundan başqa, Sənin Kəlmən və Hərflərin olan Kəsləri mübarək eylə, Ey mənim Allahım, və o kəsləri mübarək eylə ki, üzlərini Sənə tutdular, nəzərlərini Sənin üzünə dikdilər və Sənin Çağırışına qulaq asdılar.

Sən, həqiqətən, bütün insanların Rəbbi və Sultanısan və hər şeyin üzərində Hakimsən.

-Bahá'u'lláh
-----------------------

Səhər duaları (#4812)

Sənin sığınacağında yuxudan qalxmışam, Ey mənim Allahım və o sığınacağı axtarana yaraşır ki, yalnız Sənin himayə Məbədində və mühafizə Qalanda sakin olsun. Mənim zahiri varlığımı Öz bəxşiş səhərinin nuru ilə işıqlandırdığın kimi, batini varlığımı da, İlahi, Zühurunun Şəfəqinin nuru ilə aydınlat.

-Bahá'u'lláh
-----------------------

Səhər duaları (#4813)

Sənin mərhəmətinlə bu səhər yuxudan qalxmışam, Ey mənim Allahım. Bütünlüklə Sənə təvəkkül edərək və özümü Sənin himayənə təslim edərək evimdən çıxmışam. İndi Öz mərhəmət göylərindən Sənin yanında olan xeyr-bərəkətləri mənim üzərimə göndər və fikrimdə yalnız Sən olmaqla məni Öz hifzin altında evdən çıxardığın kimi, sağ-salamat da evimə qaytar.

Səndən başqa Allah yoxdur, Sən Tək, Bərabəri Olmayan, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

-Bahá'u'lláh
-----------------------

Səhər duaları (#4814)

Sənə şükr edirəm, Ey mənim Allahım! Sən məni yuxudan oyatdın, yoxluğumdan aşkara çıxardın və qəflətimdən qaldırdın. Mən bu səhər oyanmışam və Sənin əlamətlərini qəbul edərək, Kitabına iman gətirərək, Sənin ipindən möhkəm yapışaraq üzümü Sənin qüvvət və əzəmət səmalarını nurlandırmış Zühur Günəşinin şəfəqlərinə çevirmişəm.

İradənin qüdrətinə və istəyinin nüfuzuna and verirəm, yuxuda mənə göstərdiklərini Sənin sevimlilərinin ürəklərindəki məhəbbətinin sarayları üçün möhkəm bünövrə eylə və Sənin fəzl və inayət nişanələrinin aşkar olması üçün ən gözəl vasitə eylə.

Uca Qələminlə, İlahi, bu dünyanın və o biri dünyanın xeyr-bərəkətini mənə yaz. Şəhadət verirəm ki, bütün şeylərin cilovu Sənin əlindədir. Sən onları istədiyin kimi dəyişdirirsən. Səndən başqa Allah yoxdur, Güclü və Vəfalı.

Əmri ilə zilləti izzətə, zəifliyi gücə, acizliyi qüdrətə, qorxunu sakitliyə, şübhəni yəqinliyə çevirən Kəs Sənsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Rəhmli.

Səni axtaranı Sən məyus etmirsən, nə də Səni arzulayanı uzaq tutursan. Sənin səxavət səmana və kəramət dəryana yaraşanları mənə qismət eylə. Həqiqətən, Sənsən Müqtədir və Ən Qüvvətil.

-Bahá'u'lláh
-----------------------

